REGİONLAR
Balakənin Hənifə kəndində uşaq bağçası əsaslı təmir olunub
Balakən, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun Hənifə kəndindəki 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra yenidən balacaların istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Milli Məclisin deputatları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə uşaqlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, onların firavan və qayğısız böyümələri üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırıblar.
Bildirilib ki, son illər respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da məktəb və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Son illər rayonda 5 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 3 bağça əsaslı təmir olunub.
Bağçanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra rayon rəhbərliyi və qonaqlar burada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, keçən əsrin 70-ci illərində inşa edilən bağçada indiyədək əsaslı təmir işləri aparılmayıb. Uşaq bağçasının təmiri yerli büdcə vəsaiti hesabına həyata keçirilib. 35 yerlik uşaq bağçasında iki qrup fəaliyyət göstərir. Bağça yeni inventarla da təchiz edilib.