REGİONLAR
Balakənin buğda sahələrində orta məhsuldarlıq 38,3 sentnerə çatır
Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun təsərrüfatlarında taxıl biçini davam edir. Cari mövsümdə rayonda 1612,3 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 919 hektarını arpa, 693,3 hektarını buğda sahələri təşkil edir. İndiyədək 906 hektarı arpa, 128 hektarı buğda olmaqla, 1034 hektar sahənin məhsulu biçilib, 3202 ton taxıl tədarük olunub. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 29,9 sentner, buğda sahələrində isə 38,3 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli deyib.
Qurum rəsmisi bildirib ki, hazırda təsərrüfatlarda qarğıdalı əkini sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələr suvarılır. Cari ildə rayonda 7577 hektar sahədə dən üçün qarğıdalı əkilib.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.