REGİONLAR
Balakənin emal məntəqəsi fermerlərdən 51 ton yaşıl tütün qəbul edib
Balakən, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 346 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 85 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər. Bir neçə gündür ki, təsərrüfatlarda “Virciniya” növlü tütünün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonun Hənifə kəndində ötən ildən fəaliyyətə başlayan tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günlərində istehsalçılardan 51 ton yaşıl tütün kütləsi qəbul edib.
Müəssisənin rəhbəri Şadnus Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə məntəqəyə ilk olaraq Talalar kəndindən fermer İmran Cumayev qurutmaq üçün 10 ton yaşıl tütün gətirib. Qazma kəndindən Tahir Məmliyev ilk günlər məntəqəyə 4,5 ton, Kortala kənd sakini Ramazan Xənmədov isə 4 ton yaşıl tütün təhvil verib.
Hazırda məntəqədə olan 60 ədəd tütünqurutma kamerasından 7-nə qurudulmaq üçün yaşıl tütün qoyulub. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir. Tütünün qurudulması prosesi 7 gün çəkir. Qurudulan tütün sonra preslənərək anbara yığılır.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.