REGİONLAR
Balakənli arıçılara 234 min manatdan çox subsidiya ödənilib
Balakən, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Son illər Balakən rayonunda arıçılığa maraq xeyli artıb. Hazırda Balakən respublika üzrə ən çox arı ailələrinin mövcud olduğu rayonlardan biridir. Statistik məlumata görə, rayonda 1116 təsərrüfatda 26 min 111 arı ailəsi var. 2018-ci ildə rayonda 94 ton bal istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Balakən rayonunda da lazımi işlər aparılır. İndiyədək 879 arıçının təsərrüfatındakı 24 min 420 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə təmin edilib. Sənədlər Respublika Komissiyasında baxıldıqdan sonra onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 244 min 200 manat subsidiyanın verilməsi qərara alınıb. Ayrılan vəsaitin 234 min 260 manatı artıq arıçılara ödənilib.
Elvin Səmədovun sözlərinə görə, qalan arı ailələrinin də identifikasiya kodu ilə təmin edilərək subsidiyanın verilməsi üçün zəruri işlər aparılır.