REGİONLAR
Balakənli fermer: Aqrar sahənin inkişafına dövlət dəstəyi bizi daha da ruhlandırır
Balakən, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması balakənli fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.
Rayonun Talalar kəndindən olan təcrübəli təsərrüfatçı Nüsrət Əsgərov uzun illər qarğıdalıçılıqla məşğul olsa da, bir neçə ildir ki, tütünçülüyə də maraq göstərir. O, ötən il 5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib, emal məntəqəsinə 50 tonadək yaşıl tütün kütləsi təhvil verib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini genişləndirərək 9 hektara çatdırıb.
Balakənli fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində cari təsərrüfat ilində əldə edilən uğurlardan söz açıb. Tütünçülüyün çox gəlirli sahə olduğunu bildirən N.Əsgərov deyib: “Builki mövsümdə hər hektar tütün sahəsindən 14 sentnerədək yaş kütlə götürməyə müvəffəq oldum. Rayonumuzdakı emal məntəqəsinə 125,8 ton yaş tütün təhvil verdim. Mövsüm ərzində təsərrüfatımda 15 nəfərədək işçi çalışıb. Tütün şitillərinin sahələrə köçürülməsi və dərim vaxtı işimizi pandemiya dövrünün tələblərinə uyğun qurduğumuzdan heç bir problemlə qarşılaşmadıq”.
Təsərrüfat rəhbərinin sözlərinə görə, iki il əvvəl rayonda 60 tütünqurutma kamerasından ibarət emal məntəqəsinin fəaliyyətə başlaması tütünçülərin işini xeyli asanlaşdırıb. Fermer deyib: “Əvvəllər yetişdirdiyimiz yaşıl tütünü qurutmaq üçün qonşu rayonların emal məntəqələrinə aparırdıq. Bu isə vaxt itkisinə, əlavə xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Rayonda emal məntəqəsinin açılması gəlirlərimizin artmasına müsbət təsir göstərir”.
O bildirib ki, yazlıq və payızlıq bitkilərin əkininə görə dövlət tərəfindən subsidiyaların ayrılması torpaq mülkiyyətçilərinə böyük dəstəkdir.
Təsərrüfat rəhbəri bu il, eyni zamanda, 70 hektar sahədə dən üçün qarğıdalı bitkisi də əkib, sahələrdən 280 ton məhsul tədarük edib. Fermerin sözlərinə görə, bu il havaların quraq keçməsi səbəbindən məhsuldarlıq nisbətən aşağı olub.
Müsahibimiz sonda erməni işğalçıları üzərində qazanılan şanlı zəfərə görə balakənli fermerlər adından Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuzun əsgər və zabitlərinə dərin minnətdarlığını bildirib, xoş arzularını çatdırıb.