REGİONLAR
Balakənli fermer: Bu il 300 tondan çox yaşıl tütün istehsal etməyi qarşıma məqsəd qoymuşam
Balakən, 14 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 425 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda rayonda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 325,5 hektar sahəyə tütün şitili köçürüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətimizin başçısının regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son illər bölgənin digər rayonları kimi, Balakəndə də tütünçülüyə maraq xeyli artıb. Hazırda rayonda yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür. Balakəndə tütünçülük üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Bunlardan biri də Talalar kəndində fəaliyyət göstərir.
Təcrübəli fermer İmran Cumayevin rəhbərlik etdiyi təsərrüfatda 4 ildir ki, tütün yetişdirilir. 2016-cı ildə bu təsərrüfatda 13 hektar, 2017-ci ildə 18 hektar, son iki ildə isə 20 hektar sahədə tütün əkilib. Ötənilki mövsümdə təsərrüfatın tütün sahələrindən 245 ton yaşıl kütlə tədarük edilib, eyni zamanda, 10 ton quru tütün istehsal olunub.
Fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində tütünçülüyün çox gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Məhz bu səbəbdən də kənd əhalisinin tütünçülüyə marağı ildən-ilə artır. Builki mövsümdə əkin sahələrini bir az da genişləndirərək 25 hektara çatdırmağı planlaşdırıram. Təsərrüfatımda indiyədək 23 hektar sahəyə “Virciniya botaniki” növ tütün şitilləri köçürülüb və növbəti iki gün ərzində əkin tam başa çatdırılacaq. Tütün əkininə 25-dək işçi qüvvəsi cəlb olunub. Hava şəraiti əlverişli olarsa, builki mövsümdə 300 tondan çox yaşıl tütün kütləsi istehsal etməyi qarşıma məqsəd qoymuşam”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə fermer İmran Cumayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.