REGİONLAR


Balakənli fermer: Tütünçülük gəlirli sahədir

Balakən, 7 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Cari mövsümdə balakənli fermerlər 363 hektar sahədə “Virciniya”, 8 hektarda “Berley”, 79 hektarda isə “İmmuniy” tütün sortları yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 188,7 hektar sahəyə tütün şitili köçürüblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Dövlətimizin başçısının regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son illər bölgənin digər rayonları kimi, Balakəndə də tütünçülüyə maraq xeyli artıb. Hazırda rayonda yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür. Balakəndə tütünçülük üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Bunlardan biri də Talalar kəndində fəaliyyət göstərir. Təcrübəli fermer İmran Cumayevin rəhbərlik etdiyi təsərrüfatda 3 ildir ki, tütün yetişdirilir. 2016-cı ildə bu təsərrüfatda 13 hektar, 2017-ci ildə 18 hektar, ötən il isə 20 hektar sahədə tütün əkilib.

Fermer AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gəlirli sahə olduğu üçün kənd əhalisinin tütünçülüyə marağı ildən-ilə artır. Ötənilki mövsümdə təsərrüfatın tütün sahələrindən 202 ton yaşıl kütlə tədarük edilib. Xərcləri çıxdıqdan sonra təsərrüfat ötən ili 29 min manat gəlirlə başa vurub. Gəlirdən mövsüm ərzində təsərrüfatda çalışan 20-dən çox ailənin üzvlərinə pay düşüb.

İ.Cumayev deyib ki, bu il tütün əkini sahələrini bir az da genişləndirərək 23-25 hektara çatdırmağı planlaşdırır. Mövsümün əvvəlindən indiyədək 10 hektar sahəyə “Virciniya” növlü tütün şitili köçürülüb. Tütün əkininə 20-dən çox işçi cəlb olunub. Balakənli fermer builki mövsümdə 250 ton yaşıl tütün istehsal etməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə fermer İmran Cumayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.