REGİONLAR
Balakənli fermerlər indiyədək qəbul məntəqəsinə 2756 ton yaşıl tütün təhvil veriblər
Balakən, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 535 hektar tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 475 hektarda “Virciniya” növlü ətirli, 60 hektarda “Berley” və yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Fermerlər bu günədək rayonun Hənifə kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 2 min 756 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 353 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Şadnus Məmmədov məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, hazırda hər gün məntəqəyə 10-12 ton yaşıl tütün kütləsi daxil olur. Mövsümün qızğın çağında isə bu göstərici 45-50 ton təşkil edirdi. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Püştətala kəndindən olan fermer Şamsu Bayramova indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 245,5 ton yaşıl tütün təhvil verib. Talalar kəndindən olan fermer İmran Cumayev bu günədək emal məntəqəsinə 130,3 ton, Kortala kəndindən Elman Mərdanov isə 90 ton yaşıl tütün kütləsi gətirib.
Yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir.
Qeyd edək ki, Balakən rayonunda 60 ədəd tütünqurutma kamerasından ibarət tütün istehsalı və emalı məntəqəsi bu il iyulun 27-dən fəaliyyət göstərir. Rayonda tütünqurutma kameralarının quraşdırılması balakənli fermerlərin işini xeyli asanlaşdırıb. Artıq onlar yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmırlar. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur.