REGİONLAR
Balakənli fermerlər təkrar qarğıdalı əkinlərindən 1393,2 ton məhsul əldə ediblər
Balakən, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 362,5 hektarı dən, 3,7 hektarı yaşıl yem üçün olmaqla, 366,2 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təkrar qarğıdalı əkilmiş sahələrdə biçin artıq başa çatıb və torpaq mülkiyyətçiləri sahələrdən 1393,2 ton məhsul əldə ediblər. O cümlədən dən üçün qarğıdalı əkilmiş sahələrdən 1381,6 ton, yaşıl yem üçün əkilmiş sahələrdən isə 11,6 ton məhsul götürülüb. Cari mövsümdə dən üçün qarğıdalı əkilmiş sahələrin hər hektarından 38,1 sentner məhsul əldə olunub.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 86 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulub. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 146,3 hektar təkrar qarğıdalı əkinlərindən 788,6 ton məhsul əldə ediblər.