REGİONLAR


Balakənli gənc: Yeni Dövlət Proqramının qəbulu gənclərə verilən yüksək önəmin bariz nümunəsidir

Balakən, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin forumlarının keçirilməsi, “Gənclər siyasəti haqqında Qanun”un, “Azərbaycan Gəncliyi” Dövlət proqramlarının qəbul olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, onlara verilən böyük önəmin bariz nümunəsidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinə yeni baxışın, yeni hüquqi-normativ aktın hazırlanmasını və qəbulunu zəruri edirdi. Bu baxımdan, Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı xüsusi əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev söyləyib.

Azərbaycan gəncliyi ilə bağlı bundan əvvəl qəbul edilən Dövlət proqramlarının uğurla icra olunması nəticəsində bu gün ölkə gənclərinin ictimai-siyasi həyatın bütün sahələrində öz təşəbbüskarlığı ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal rol oynadıqlarını vurğulayan gənc fəal deyib: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində Balakən 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilib. Bu, rayonumuzun gənclərinə göstərilən çox böyük etimaddır”.

Müsahibimiz bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qəbul olunması gənclərin sosial və ictimai həyatda inkişafına dəstək verməklə yanaşı, eyni zamanda, onların qarşısına bir çox mühüm vəzifələr də qoyub. “Proqramda nəzərdə tutulan bir çox məsələlər - gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması, könüllülük hərəkatının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, İKT-dən səmərəli istifadənin təşviq edilməsi, beynəlxalq əməkdaşlıq, gənclərin hüquq və informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və digər vəzifələr bugünkü gəncliyin marağında olan əsas məsələlərdir”,- deyə Sərxan Hacıyev bildirib.

Balakənli gənc fəal Azərbaycan gəncliyi ilə bağlı yeni Dövlət Proqramının qəbul edilməsinə görə rayon gəncləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.