REGİONLAR
Balakənli gənclər çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi aksiyasına fəal qoşulublar
Balakən, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirən IDEA İctimai Birliyinin insan fəaliyyəti nəticəsində çirklənmiş ərazilərin tullantılardan təmizlənməsi prosesinə gəncləri cəlb etmək və təbiətin qorunmasında onların böyük rolunu nümayiş etdirmək məqsədilə martın 27-də başladığı müsabiqəyə balakənli gənclər də fəal qoşulublar. Sözügedən müsabiqə bütün dünya üzrə təbiətsevər könüllülərin başladığı #Trashtag aksiyası üzrə elan edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Balakən rayon Gənclər və İdman İdarəsi, Gənclər Evi sosial xidmət müəssisəsi və YAP Balakən rayon təşkilatı Gənclər Birliyi könüllülərinin iştirakı ilə aprelin 10-da rayonun Tülü kəndində təmizlik işləri aparılıb, böyük bir ərazi tullantılardan təmizlənib. Toplanan zibil və tullantılar poliqona təhvil verilib.