REGİONLAR
Balakənli kümçülər ilk günlər qəbul məntəqəsinə 2 tondan çox yaş barama təhvil veriblər
Balakən, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunda barama istehsalının əvvəlki illə müqayisədə 2 dəfədən çox artırılaraq 25 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 227 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 572 qutu, yəni 10 kiloqram 868 qram ipəkqurdu paylanılıb. Artıq istehsalçılardan barama qəbuluna başlanılıb. Balakənli kümçülər ilk günlər qəbul məntəqəsinə 2 ton 132 kiloqram yaş barama təhvil veriblər. Barama tədarükü prosesi “Azəripək” MMC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
İtitala kənd sakini Nailə Ramazanova hələlik qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 195,2 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 63 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Ötən il isə Ramazanovlar ailəsi 20 qram ipəkqurdu bəsləyib, 55 kiloqram yaş barama istehsal edib.
Katex kənd sakini Əhməd Aşurov baramaçılıqla bu ildən məşğul olur. Kümçü cari mövsümdə ilk dəfə 25 qram barama bəsləyib və yüksək məhsuldarlıq əldə edib. İstehsalçı qəbul məntəqəsinə 96,3 kiloqram yaş barama təhvil verib.
Rayonda barama tədarükü davam edir.