Balakənli sənətkar: “ABAD”la əməkdaşlıq ailə büdcəmizin formalaşmasına çox yaxşı təsir göstərir VİDEO
AzerTAg.az
Balakən, 1 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
“ABAD”ın dəstək verdiyi Balakən sakini Mehriban Mustafayeva uşaqlıqdan kukla sənətinə böyük maraq göstərib. Bir neçə il əvvəl internet vasitəsilə kuklaların hazırlanması prosesini izləyən balakənli gənc özünü bu sahədə sınamaq qərarına gəlib. İlk əl işi uğurlu alınıb və o, kukla sənəti ilə müntəzəm məşğul olmağa başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mehriban Mustafayevanın əl işləri əvvəllər rayon Mədəniyyət Mərkəzində təşkil olunan sərgilərdə nümayiş etdirilib, izləyənlərin marağına səbəb olub. Gənc sənətkarın əl işlərinə olan maraq Balakəndə fəaliyyət göstərən “ABAD”ın regional mərkəzinin rəhbərliyinin də diqqətindən yayınmayıb, ona qurumla əməkdaşlıq etmək təklif olunub. Mehriban Mustafayeva bu təklifi məmnuniyyətlə qəbul edib və “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaq qərarına gəlib. Gənc sənətkar 2018-ci ilin aprelindən “ABAD” ailəsinin üzvüdür.
“ABAD”la əməkdaşlığın onun yaradıcılığına çox böyük təsir göstərdiyini vurğulayan Mehriban Mustafayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Evdə yaşlı və xəstə anama baxdığım üçün başqa yerdə işləyə bilmirdim. Boş vaxtlarımda kuklalar hazırlayır, dost-tanışa, rəfiqələrimə hədiyyə edirdim. “ABAD”ın təklifi mənim də ürəyimcə oldu. Bu sahədə artıq öz biznesimi qururam. Əl işlərim “İçərişəhər”dəki “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılır. Sifariş əsasında hazırladığım kuklaların satışından əl etdiyim qazanc ailə büdcəmizin formalaşmasına, maddi vəziyyətimizin yaxşılaşmasına öz təsirini göstərir”.
Mehriban Mustafayeva deyib ki, kukla sənəti o qədər də asan peşə deyil. Gərək rəssamlığı, heykəltəraşlığı, dizaynerliyi, moda və tikmə sənətini biləsən. Gənc kukla ustası əsərlərinin qəhrəmanlarını Azərbaycan xalq nağıllarından götürür, kuklaların geyimində milliliyə xüsusi diqqət yetirir.
Xanım sənətkarın hazırladığı kuklaların qiyməti ölçüsü, işlənmə texnikası və materialından asılı olaraq 15 manatdan 100 manatadəkdir. Xarici turistlər onun əl işlərinə böyük maraq göstərirlər. Müəllifi olduğu “Qırmızı papaq” kuklasını ingilis turist 70 manata alaraq öz ölkəsinə aparıb. Sənətkar sadə kuklaların hazırlanmasına 3-4 gün, böyük ölçülü işlərin hazırlanmasına isə bəzən bir ayadək vaxt sərf etməli olur. “ABAD”ın satış mərkəzlərində indiyədək sənətkarın 50-yə yaxın əl işi satılıb.
“ABAD”la əməkdaşlığı gələcəkdə də davam etdirəcəyini bildirən Mehriban Mustafayeva deyib: “Kukla sənəti mənim hobbimdir. Mən kuklaları çox sevirəm, onları bir canlı kimi təsəvvür edirəm. Kuklalar mənim canımın, ruhumun bir parçasıdır, onlardan heç vaxt ayrılmaram”.


Xəbərin mətnində orfoqrafik səhv var