REGİONLAR


Balakənli xanım fermer: Qarabağımızın erməni qəsbkarlarından təmizlənəcəyi günü səbirsizliklə gözləyirik

Balakən, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarabağ cəbhəsindən gələn xoş xəbərlər, Azərbaycan Ordusunun zəfər yürüşü, illərlə həsrətində qaldığımız torpaqlarımızın, yaşayış məntəqələrinin bir qisminin düşmən işğalından azad edilməsi bütün vətəndaşlarımızı, o cümlədən aqrar sahədə çalışanları daha da ruhlandırıb. Torpaq mülkiyyətçiləri belə taleyüklü günlərdə ölkəni bol kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün əzmlə çalışır, arxa cəbhədə yüksək fədakarlıq nümayiş etdirirlər. Belə fədakar əmək qəhrəmanlarından biri də Balakən rayonunun Qazbinə kəndində fəaliyyət göstərən tütünçülük təsərrüfatının rəhbəri Ayparə Dadayevadır.

Ailəsinin təsərrüfat ənənələrini davam etdirən xanım təsərrüfatçı 3 ildir ki, tütün əkib-becərir. Ötən il bu təsərrüfatda 96 hektar sahədə tütün əkilib, 94,6 ton quru tütün istehsal olunub. Dövlətin fermerlərə göstərdiyi diqqət və qayğıdan ruhlanan Ayparə Dadayeva bu il tütün əkini sahələrini daha da genişləndirərək 165 hektara çatdırıb. Xanım təsərrüfatçı cari təsərrüfat ilində 144 hektar sahədə “Virciniya botaniki”, 21 hektarda isə “İmmuniy” növlü tütün yetişdirib. Hazırda təsərrüfatda tütün yığımı mütəşəkkil davam etdirilir.

Xanım fermer AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cəbhədən alınan xoş xəbərlər, ordumuzun qazandığı qələbələr onları daha da ruhlandırır. Rəhbərlik etdiyi təsərrüfatda çalışan mövsümi işçilərin bir qismi yüksək vətənpərvərlik nümayiş etdirərək, döyüşlərdə iştirak etmək üçün könüllü surətdə cəbhəyə yollanıb. İndi hamı ordumuzdan ancaq qələbə xəbərləri gözləyir.

Təsərrüfatçı bildirib ki, mövsümün əvvəlindən indiyədək sahələrdən 1100 tonadək yaş tütün yarpağı dərilib. Sahələrdə hələ məhsul boldur. “Virciniya botaniki” növlü yaş tütün təsərrüfatın özünəməxsus olan emal məntəqəsindəki 5 ədəd tütünqurutma kamerasında qurudulur. İndiyədək bu kameralarda 95 ton quru tütün istehsal edilib. Yerli tütün sortları isə ipə düzülərək qurudulur. Qurudulmuş tütünün 60 tonu artıq “Azəri Korporasiyası”na təhvil verilib. Tütün dəriminə və düzümünə 200-dək mövsümi işçi cəlb olunub.

Kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə ötən il 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Ayparə Dadayeva erməni faşistlərinin tezliklə torpaqlarımızdan qovulub çıxarılacağına, doğma Qarabağımızın səmalarında üçrəngli Azərbaycan bayrağının dalğalanacağına ürəkdən inandığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.