REGİONLAR
Balakənli xanım təsərrüfat rəhbəri: Aqrar sahəyə yüksək dövlət qayğısı bizi daha yaxşı işləməyə ruhlandırır
Balakən, 18 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. Bu təsərrüfat sahələri sovetlər dönəmində də kənd əhalisinin əsas məşğuliyyət sahələrindən hesab olunurdu. Dövlətimizin başçısının ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son illər rayon əhalisi arasında bu gəlirli sahələrə maraq xeyli artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Balakəndə yüzlərlə ailə tütünçülük və baramaçılıqla məşğul olur, bu sahələrdən gəlir götürür. Rayonda tütünçülük və baramaçılıq sahələri üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Belə təsərrüfatlardan biri də Qazbinə kəndində fəaliyyət göstərir. Xanım fermer Ayparə Dadayevanın rəhbərlik etdiyi bu təsərrüfat qısa müddətdə çox böyük uğurlar qazanıb.
Təsərrüfat rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Ailəm uzun illər fərdi təsərrüfatla məşğul olub. Mən də bu ənənəni davam etdirmək qərarına gəldim. Ötən il rəhbərlik etdiyim təsərrüfatda tütünçülük sahəsində 73 nəfər, baramaçılıqda isə 12 nəfər mövsümi işlə təmin edilib. 2018-ci ildə 32 hektar sahədə tütün yetişdirdik. Ötən il isə tütün əkini sahələrini daha da genişləndirərək 86 hektara çatdırdıq, 94,6 ton quru tütün təhvil verməyə müvəffəq olduq. Eyni zamanda, 2018-ci ildə 106,4 qram ipəkqurdu bəsləyərək 268,7 kiloqram yaş barama istehsal etdik. Ötənilki mövsümdə isə 240 qram ipəkqurdu bəsləyərək tədarük məntəqəsinə 617,7 kiloqram yaş barama təhvil verdik”.
Təsərrüfat rəhbərinin sözlərinə görə, iki il əvvəl rayonda 60 tütünqurutma kamerasından ibarət emal məntəqəsinin fəaliyyətə başlaması istehsalçıların işini xeyli asanlaşdırıb. Buna baxmayaraq, xanım təsərrüfatçı özü də tütünçülük sahəsindən əldə etdiyi gəlirlər hesabına şəxsi tütünqurutma kameraları quraşdırmağı planlaşdırır. Odur ki, bu dəfə gəlirlərinin böyük hissəsini avadanlığın alınmasına yönəldəcək.
“Aqrar sahəyə yüksək dövlət qayğısı bizi daha da yaxşı işləməyə ruhlandırır. Odur ki, bu il tütün əkini sahələrini daha da genişləndirərək, 135 hektara çatdırmağı qarşıma məqsəd qoymuşam”, - deyə xanım təsərrüfatçı bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Ayparə Dadayeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.