REGİONLAR
Balakənlilər Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd ediblər
Balakən, 9 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakənlilər Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsi və Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar günlər münasibətilə noyabrın 9-da Balakən şəhərində bayraq yürüşü keçirilib. Yürüşdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və yüzlərlə gənc iştirak edib.
Bayraq Muzeyinin qarşısından start götürən ümumrayon yürüşünün iştirakçıları dövlət atributlarımızdan olan Azərbaycan bayrağına hörmət və ehtiramlarını bildirib, doğma Vətənimizə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
Sonra yürüş iştirakçıları “Şəhidlər xiyabanı”na gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Bayraq yürüşünün iştirakçısı, Şuşa rayonunun Allahqulular kəndindən olan İlham İbrahimov sevinc hisslərini belə ifadə edib: “Sevincimin həddi, hüdudu yoxdur. 28 ildən çoxdur ki, Şuşa nisgili ilə yaşayır, doğma Qarabağımız üçün darıxırdıq. Dünən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı müjdəni verəndə sevincdən gözlərimiz yaşardı. Sevinirəm ki, Şanlı Ordumuz erməni təcavüzkarlarını doğma torpaqlarımızdan qovur, şəhər və kəndlərimiz bir-birinin ardınca mənfur düşməndən təmizlənir, doğma Qarabağımızın başı üzərində üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Xalqımıza bu sevinci, fərəhi yaşatdığına görə Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik!”
Bayraq yürüşündə iştirak edən rayon ziyalısı Rasim Paçalov deyib: “Bu gün ikiqat bayram sevinci yaşayırıq. Mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsindən böyük qürur hissi keçiririk. Başımız üzərində dalğalanan üçrəngli bayraq bizim üçün ali dəyər, qürur və mərdlik rəmzidir. Qəhrəman Ordumuz bu mərdlik rəmzini işğal altında olan Qarabağ torpağında ucaltmaqla bizə çox böyük sevinc hissi yaşadır. Böyük Qələbə Gününə çox az vaxt qalıb”.