İQTİSADİYYAT


Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk iki şirkət qeydiyyatdan keçmişdir

Bakı, 7 iyul (AZƏRTAC). Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk iki şirkət - işlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan “Ekokat” MMC və plastik butulkaların emalı sahəsində xidmət göstərən “Az.Ekol” MMC qeydiyyatdan keçmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, parkda təkrar istehsal sahəsində maraqlı olan sahibkar və investorlar üçün əlverişli şərait yaradılacaq, onlara hökumət səviyyəsində lazımi dəstək göstəriləcəkdir.

“Yaşıl biznes”ə, xüsusilə tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə parkda müvafiq infrastrukturun yaradılması planlaşdırılır. Belə ki, ərazidə yol salınacaq, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcəkdir. Parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcəkdir.

Məlumatda, həmçinin bildirilir ki, parkın rezidentləri 7 il ərzində mənfəət, torpaq və əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunurlar. Sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edirlər. Bundan başqa, rezidentlər güzəştli şərtlərlə kredit əldə etmək imkanından da yararlana bilərlər.

Hazırda sənaye parkında fəaliyyət göstərmək istəyən digər şirkətlərlə də danışıqlar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.