İQTİSADİYYAT


Balaxanı yeni turizm məkanına çevrilir

Bakı, 3 iyul, AZƏRTAC

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 3-də agentliyin idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və "Bakı Abadlıq Xidməti" MMC-nın direktoru Binnət Əli Qasımov Balaxanıda aparılan abadlıq işləri, qəsəbənin turizm imkanları ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək tədbirlərlə bağlı müzakirələr aparıblar.

Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizmyönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər. Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Eyni zamanda, birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizmyönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizmyönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və sair sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Belə ki, Balaxanıda bu istiqamətlər üzrə 100-dək kiçik obyektin fəaliyyəti təşkil oluna bilər. Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur. AZƏRTAC-0-və

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.