ELM VƏ TƏHSİL
Baletmeyster sənəti imtahanında abituriyent xoreoqrafik kompozisiyanın librettosunu təqdim etməlidir

Bakı, 3 iyun, AZƏRTAC
Xoreoqrafiya sənəti (baletmeyster) ixtisaslaşmasını seçən abituriyent baletmeyster sənəti fənnindən xüsusi qabiliyyət imtahanı verməlidir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Baletmeyster sənəti imtahanı verən abituriyentdən bunlar tələb olunur:
a) özü tərəfindən quruluş verdiyi rəqsdə musiqi seçiminə uyğun olaraq xoreoqrafik obrazı və ifaçılıq tərzi;
b) təklif olunmuş musiqiyə əsaslanaraq etüd quruluşu, obraz və ifadəlik qabiliyyəti;
c) kollokvium əsasında nəzəri bilikləri yoxlanılır (tanınmış baletmeysterlər haqqında, balet tamaşaları və s).
Bu imtahanda abituriyent sərbəst mövzuda və ya bədii əsərlərinin motivləri əsasında hazırlanmış xoreoqrafik kompozisiyanın librettosunu təqdim etməlidir.
İmtahanda hazırlanmış libretto ilə kompozisiyanın musiqiyə uyğunluğu maksimum 4, seçilmiş musiqinin qurulmuş kompozisiyada xoreoqrafiyası maksimum 3, göstərilən kompozisiyanın dramaturgiyası maksimum 3 balla qiymətləndirilir.