CƏMİYYƏT
Balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir
Bakı, 3 oktyabr, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il 146 nömrəli qərarı ilə tənzimlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, balıq növlərinin bir tonu üçün icazə ödənişləri fərqlidir. Belə ki, kütüm, şamayı, xəşəm, xərçəngkimilərin ovlanması üçün 287, çəki, sıfa görə 230 manat ödəniş edilməlidir. Bu məbləğ siyənək növü üzrə 143,75, kilkəyə görə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün isə 115 manata bərabərdir.
Xarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidirlər.
Kvota və balıqovlama bileti nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 613 nömrəli qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə, 3660 ton həcmində müxtəlif növ balıqların ovlanması mümkündür.