CƏMİYYƏT
Balıqçılar xilas olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Taxta qayıqla dənizə çıxan və təhlükə ilə üzləşən balıqçılar xilas olunub.
Xəbər verdiyimiz kimi bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olmuşdu. Məlumatda bildirildi ki, sahildən 10 kilometr məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır. Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmışdı.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib. Balıqçılar FHN xilasedicilərinin müşayiəti ilə sahilə çatdırılıb.
İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi geri çağırılıb.