CƏMİYYƏT
Balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı beynəlxalq mütəxəssislərlə birgə seminar keçirilib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanın dövlət balıqçılıq təsərrüfatlarının qiymətləndirilməsinə, ölkədə akvakultura sahəsində işlərin səmərəliliyinin artırılmasına və genişləndirilməsinə həsr olunan seminar keçirilib. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri və sahibkarlar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün keçirilməsində məqsəd mövcud dünya təcrübəsindən yararlanmaqla ölkə əhalisinin balıq məhsullarına olan daxili tələbatının ödənilməsinə, sahil balıq ovundan asılı olan rayonların şirin su və dəniz əmtəə akvakulturasının yaradılması əsasında dayanıqlı sosial- iqtisadi inkişafının təmin edilməsinə və su bioloji resurslarının mühafizəsi, artırılması və səmərəli istifadəsinə nail olmaqdır.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak çıxış ediblər. Həmçinin Türkiyə, Macarıstan və İtaliyadan olan akvakultura üzrə mütəxəssislərin təqdimatları və məruzələri dinlənilib.