CƏMİYYƏT
Balıqçılıq və balıq məhsulları sənayesi məsələlərinə dair vebinar keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Balıqçılıq və balıq məhsulları sənayesi məsələlərinə dair vebinar keçirilib. Vebinarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nümayəndələri, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi və özəl sektorun nümayəndələri iştirak edib. Azərbaycanda balıqçılıq və balıqçılıq sənayesində maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə keçirilən vebinarda bu sektordakı imkanlar və problemlər, şəbəkələrin qurulmasına dair müzakirələr aparılıb.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiyada Dayanıqlı Balıqçılıq və Balıq Məhsullarının İdarə edilməsinin (FISHCap) inkişafı layihəsi çərçivəsində təşkil olunan vebinarda iştirakçılar bu sahədə əməkdaşlıq imkanlarını və Azərbaycanda bu sənayenin səmərəli idarə olunmasını müzakirə ediblər. Bütün iştirakçılar balıqçılıq sənayesində həm milli, həm də regiondaxili əməkdaşlıq və birgə fəaliyyətin sektorun inkişafı üçün ilkin şərt olduğu qənaətinə gəliblər.
Tədbir FAO-nun balıqçılıq üzrə baş mütəxəssisi Haydar Fersoyun aylıq vebinar seriyasının əsas məqsəd və vəzifələrini təqdim edən qısa bir məlumatlandırması ilə başlayıb. FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak açılış nitqində balıqçılıq və balıq məhsulları yetişdirmə sənayesinin potensialına diqqəti yönəldib və ətraf mühitə təsirlərini nəzərə alaraq sənayenin düzgün idarə edilməsinin vacibliyini vurğulayıb. M.Çakmak, balıqçılıq və balıq məhsullarının dünyanın ən sağlam qidalarından biri olduğunu, aclığın aradan qaldırılmasında xüsusi bir rol oynaya biləcəyini xatırladıb. Özəl sektorla tərəfdaşlığın vacibliyini vurğulayan M.Çakmak, Azərbaycanın balıqçılıq və kənd təsərrüfatı sektorunda əhəmiyyətli bir irəliləyiş olduğunu dilə gətirib.
FAO-nun Mərkəzi Asiya üzrə sub-regional kordinatoru və FAO-nun Türkiyədəki nümayəndəsi Viorel Gutun balıqçılıq və su məhsulları sənayesinin vəziyyəti ilə bağlı brifinq seriyalarının iştirakçılara əməkdaşlıqlar qurmaq, məlumat və təcrübə mübadiləsi etmək, sahələrarası iş birliyini və maraqlı tərəflərin iştirakını gücləndirmək üçün münbit bir mühit yaratmasından məmnun olduğunu bildirib. Effektiv balıqçılıq və balıq məhsulları idarəçiliyi üçün bunların lazımlı olduğunu əlavə edib.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Proqramının Rəhbəri Raimund Jehle sektorda beynəlxalq standartlardan, balıq məhsulları yetişdirmə sahəsindəki təhlükəsizlik problemlərindən danışıb.
Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi - Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktor Mustafa Altuğ Atalay, qısa məlumatda Türkiyənin balıqçılıq və balıq məhsulları sənayesindəki təcrübələrini bölgədəki həmkarları ilə bölüşməkdən məmnun olduğunu bildirib.
FAO-nun Azərbaycan ilə əməkdaşlığının vacibliyini qeyd edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəliflik üzrə Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov ölkədə balıq təsərrüfatlarının fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycanda bu məhsulların yetişdirilmə perspektivlərindən danışıb.