MƏDƏNİYYƏT
“Balıqlara xütbə” ikinci mükafatını qazanıb
Bakı, 15 avqust, AZƏRTAC
“Balıqlara xütbə” filmi Lokarno Film Festivalında ikinci mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, gənc münsiflər heyəti də öz mükafatlarını Hilal Baydarovun “Balıqlara xütbə” filminə verib. Sözügedən mükafatın bəyanatı isə bu cür təqdim edilib: “Həyatın keyfiyyəti ətraf mühitdən asılıdır”. Film, həmçinin “Pardo Verde WWF Xüsusi Diqqət” mükafatına da layiq görülüb.
Qeyd edək ki, “Balıqlara xütbə” filminin ssenari müəllifləri Hilal Baydarov, Aysu Akcan, rejissoru Hilal Baydarovdur. Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov və digər aktyorlar rol alıblar.
Xatırladaq ki, rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, “Səpələnmiş ölümlər arasında” bədii filmi “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının “Ən yaxşı film” nominasiyası üzrə mükafatına layiq görülüb.