DÜNYA
Balkan Xəbər Agentlikləri Assosiasiyası Bolqarıstanda qeydiyyatdan keçib
Bakı, 7 oktyabr, AZƏRTAC
Balkan Xəbər Agentlikləri Assosiasiyası – Cənub-Şərqi Avropa (BXAA-CŞA) Bolqarıstanda qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçdi. Assosiasiyanın ünvanı BTA xəbər agentliyinin ünvanı ilə eynidir.
AZƏRTAC xəbər verir ki, Assosiasiyanın prezidenti Yunanıstanın ANA MPA xəbər agentliyinin baş direktoru Aimilios Perdikaris, onun baş katibi isə BTA-nın baş direktoru Kiril Valçevdir.
Qurumun Direktorlar Şurasına BXAA-CŞA-nın səlahiyyət müddəti bitmiş prezidenti, “KosovoPress” xəbər agentliyinin sahibi Skender Krasniqi və “Anadolu” agentliyinin baş direktoru Serdar Karagöz də daxildir.
Bu barədə qərar BXAA-CŞA-nın sentyabrın 19-da Burqas şəhərində BXA tərəfindən təşkil edilmiş 30-cu Baş assambleyasında 11 ölkədən olan üzv agentliklərin mütləq səs çoxluğu ilə qəbul edilib. Kiril Valçev üç il müddətinə baş katib seçilib.
Baş assambleyanın növbəti toplantısı 2023-cü ilin yazında Saloniki şəhərində keçiriləcək.