DÜNYA


Balkan ölkələrində “Frontex” sərhədçiləri yerləşdiriləcək

Balkan ölkələrində “Frontex” sərhədçiləri yerləşdiriləcək

Bakı, 6 dekabr, AZƏRTAC

Avropa İttifaqının Sərhəd Nəzarəti Agentliyi - “Frontex” ittifaqa daxil olmaq istəyən Balkan ölkələrində öz əməkdaşlarını yerləşdirəcək.

AZƏRTAC “Financial Times nəşrinə istinadla xəbər verir ki, bu, Sərhəd Agentliyi əməkdaşlarının ittifaq ərazisindən kənarda yerləşdiriləcəyi ilk hadisə olacaq. Analoji təşəbbüs dekabrın 6-da Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa İttifaqı-Qərbi Balkanlar sammiti ərəfəsində irəli sürülüb. Buna Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və tanınmamış Kosovonun üçüncü ölkələrlə vizasız rejim barədə sazişləri səbəb olub. Brüssel Balkan ölkələri vasitəsilə Avropa İttifaqına qeyri-leqal mühacir axınından narahatdır. 2022-ci ilin ilk on ayı ərzində Balkan ölkələrindən keçməklə Avropa İttifaqına qanunsuz daxil olan üçüncü ölkə vətəndaşlarının sayı 130 min nəfərə çatıb. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas viza rejiminin tənzimlənməsinin məcburi şərt olduğunu deyib. “Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daxil olmaq üçün boşluqlardan istifadə edən üçüncü ölkələrlə viza müqavilələrinin olması qəbuledilməzdir”, - deyə o əlavə edib.

“Frontex” sərhədçilərinin Balkan ölkələrində yerləşdirilməsi gələn ilin ilk aylarında başlaya bilər. Bu, yerli sərhəd xidmətləri ilə əməkdaşlıq şəraitində bütün miqrasiya marşrutu boyunca sərhəd nəzarətinin gücləndirilməsinə və qanunsuz mühacir axınının azaldılmasına yardım edəcək.

Dekabrın 6-da Tirana şəhərində keçiriləcək Avropa İttifaqı-Qərbi Balkanlar sammitində miqrasiya məsələləri ilə yanaşı, Balkan ölkələrinin xarici və təhlükəsizlik siyasətinin Avropa İttifaqının ümumi siyasi xətti ilə əlaqələndirilməsi müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.