DÜNYA


Baltikyanı ölkələr arasında ən sürətli iqtisadi artım Latviyada proqnozlaşdırılır

Riqa, 17 may, AZƏRTAC

Latviyada ümumi daxili məhsul (ÜDM) bu il 2 faiz artacaq. Bu da Baltikyanı ölkələr arasında ən sürətli artımdır.

AZƏRTAC Baltikyanı ölkələrin mətbuatına istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumatı yayıb.

Bildirilib ki, Latviya iqtisadiyyatında gələn il 2,9 faiz artım müşahidə olunacaq. Ölkədə bu il inflyasiya 9,4 faiz səviyyəsində proqnozlaşdırılır. Gələn il istehlak qiymətlərinin artımı 3,5 faiz təşkil edə bilər.

AK qeyd edir ki, Latviya iqtisadiyyatında 2022-ci ilin əvvəlində güclü artım hiss olunub. Lakin ölkənin Rusiya ilə ticarətdən nisbətən yüksək asılılığı bu artımı yavaşladacaq. Bu təsir həm ixrac gəlirlərinin azalmasında, həm də mühüm xammalın bahalaşmasında özünü göstərəcək. Latviyanın büdcə kəsiri bu il ÜDM-in 7,2, gələn il isə 7,1 faizi səviyyəsində proqnozlaşdırılır.

AK Baltikyanı ölkələr arasında iqtisadi artım səviyyəsinə görə bu il ikinci yerdə Litvanı göstərir. Təşkilatın hesablamalarına görə, cari il bu ölkədə ÜDM 1,7 faiz artacaq. Gələn il Litva iqtisadiyyatının artımı 2,6 faiz səviyyəsində gözlənilir. Litvada inflyasiya bu il 12,5, gələn il isə 3 faiz səviyyəsində qiymətləndirilir.

AK Estoniyada bu il ÜDM artımının 1, gələn il isə 2,4 faiz olacağını proqnozlaşdırır. Estoniyada bu il inflyasiyanın 11,2, gələn il isə 2,5 faiz olacağı açıqlanıb. AK-nın yaz iqtisadi proqnozlarına görə, Avropa İttifaqı (Aİ) və Avrozona iqtisadiyyatları bu il 2,7, gələn il isə 2,3 faiz artacaq. Cari il və gələn il Aİ-də inflyasiyanın müvafiq olaraq 6,8 və 3,2, avrozonada isə 6,1 və 2,7 faiz təşkil edəcəyi gözlənilir.

AK bu il Aİ-yə üzv olan bütün ölkələrin ÜDM-nin artacağını proqnozlaşdırır. Bu il ən sürətli iqtisadi artım Portuqaliyada (+5,8 faiz) və İrlandiyada (+5,4 faiz), ən aşağı ÜDM artımının isə Estoniya (+1 faiz), Almaniya və Finlandiyada (+1,6 faiz) olacağı gözlənilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.