ORDU
Baltiya Müdafiə Kollecində Beynəlxalq Baltiya Gecəsi keçirilib
Baltiya Müdafiə Kolleci Baltikyanı ölkələrin böyük zabitlərin hazırlanmasına və təliminə yönələn birgə layihəsidir. Kollecdə təkcə NATO-nun üzvü olan ölkələrin deyil, həm də Alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları oxuyurlar.
Dalbadal doqquz ildir keçirilən ənənəvi Beynəlxalq Baltiya Gecəsi ölkənin, onun silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatını nəzərdə tutur.
Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu il ölkəmizi tədbirdə kollecin kursantı mayor Müşfiq Abdullayev, səfirliyin əməkdaşları, habelə Azərbaycan diasporunun nümayəndələri təmsil ediblər.
Gecənin çoxsaylı qonaqlarına Azərbaycan Silahlı Qüvvələrinin yüksək inkişaf səviyyəsi haqqında videosüjet, Azərbaycan tarixi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, habelə mədəniyyətimiz haqqında nəşrlər təqdim olunub, milli mətbəximizin yeməkləri təklif edilib.
Azərbaycanın təqdimatı böyük maraqla qarşılanıb. Təqdimatda iştirak edən Kollecin rəisi, general-mayor Vitalius Vayksnoras (Litva) bunu xüsusi qeyd edib.
Baltiya Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edirlər. Bu kolleci bitirən böyük zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.
Baltiya Müdafiə Kollecinin hərbi qulluqçularının nümayəndə heyətinin 2013-cü il iyunun 4-8-də Azərbaycana akademik tanışlıq səfəri kollec ilə ölkəmiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir. Bu, Kollecin nümayəndə heyətinin NATO-nun üzvü olmayan bir ölkəyə ilk dəfə belə səfəri olub.
NATO-nun üzvü olan müxtəlif ölkələrdən olan və həmin vaxt kollecdə təhsil alan 12 zabitdən ibarət nümayəndə heyəti Baltiya Müdafiə Kolleci rəisinin müavinin başçılığı ilə Azərbaycanın Müdafiə, Daxili İşlər, Xarici İşlər, Fövqəladə Hallar nazirliklərində, habelə Dövlət Sərhəd Xidmətində görüşlər keçirib.
Nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Azərbaycan Diplomatik Akademiyası və Milli Azərbaycan Tarixi Muzeyində də olub.