İQTİSADİYYAT
Bank Respublika hissə-hissə ödəniş funksiyalı kartını təqdim edib
Bakı, 13 mart, AZƏRTAC
Bank Respublikanın “Paykart KREDİT” adlı yeni kredit məhsulu alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaiti əldə etmək imkanları yaradan, bərpa olunan kredit xətli bank kartıdır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tanınmış brendlərdən ibarət geniş tərəfdaş şəbəkəsi ilə yanaşı yeni məhsul həmin şəbəkə xaricində ticarət məntəqələri seçimində alıcılara tam sərbəstlik və istənilən zaman nağd pul çıxarılmasını təklif edir.
MasterCard ödəniş sisteminin bazasında yaradılan bu kart, həmçinin xaricdə dünyanın 200-dən artıq ölkəsində kreditlə alış-veriş imkanı verir.
Kartın PayCash opsiyası ilə istər Azərbaycanda, istər xaricdə pul vəsaitini nağdlaşdırmaq mümkündür. Bu opsiya, həmçinin ödənişin 12 aya bölünməsini nəzərdə tutur və əlavə faizin nəzərə alınması ilə təqdim edilir. Nağdlaşdırılma üçün nəzərdə tutulan maksimal limit ümumi kredit xəttinin 30 faiz təşkil edir. Kart müştərilərə 5 il müddətinə 10 min manatlıq maksimal kredit xətti ilə verilir.
“PayKart Kredit” kartı haqqında daha ətraflı məlumatı www.paykart.az saytında, bankın rəsmi facebook səhifəsində, eləcə də bütün filial və şöbələrində əldə etmək mümkündür.