İQTİSADİYYAT
Bank əməkdaşları üçün vebinar təşkil olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mərkəzi Bankın təşkilatçılığı ilə “Visa Inc” beynəlxalq kart təşkilatı tərəfindən onlayn platforma vasitəsilə bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün vebinar keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, təlimdə xarici ekspertlər “Hissəli ödəniş: artan tendensiya” və “CyberSource: Qlobal Ödəniş İdarəetmə Platforması” mövzularında təqdimat edib və iştirakçıların suallarını cavablandırıblar.
Vebinarda “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doros da iştirak edib.
Qeyd edək ki, ABA 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarifləndirici tədbirlərin icrasını davam etdirir.