İQTİSADİYYAT
“Bank of Baku”nun plastik kartları “3D secure” sisteminə qoşulub
Bakı, 4 iyun, AZƏRTAC
“Bank of Baku”nun plastik kartları “3D secure” sisteminə qoşulub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “3D secure” - kredit və debet kartlarının internet üzərində onlayn istifadəsi zamanı tətbiq edilən müasir təhlükəsizlik sistemidir. Əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyatlar birdəfəlik şifrələr ilə qorunur və əməliyyat icra edilən zaman kartın parametrləri daxil edildikdən sonra şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir. Keçirilən əməliyyatların təhlükəsizliyi müştəriyə SMS şəklində göndərilən şifrənin əməliyyat zamanı daxil edilməsi ilə təmin edilir. Müştərinin mobil telefonuna SMS şəklində göndərilən şifrə yalnız 1 dəfə istifadə edilə bilər.
“Bank of Baku”nun SMS Bankinq və ya SMS məlumatlandırma sisteminə qoşulan plastik kartların sahiblərində “3D secure” sistemi artıq avtomatik şəkildə qoşulub. Avtomatik qoşulmayan və yeni müştərilər isə bankın məlumat mərkəzinə (145) zəng etməklə və ya banka müraciət edərək “3D secure” sisteminə qoşula bilərlər. Qeyd edək ki, SMS bankinqə qoşulmaq haqqı illik 5 AZN təşkil edir, “3D secure” sisteminə qoşulmaq isə pulsuzdur.