REGİONLAR


“Bankçılıqda ilk addım və sıgortanın mahiyyəti” adlı layihə uğurla başa çatıb

Naxçıvan, 16 iyun, AZƏRTAC

“Naxçıvanbank” və “Naxçıvansığorta” Açıq Səhmdar cəmiyyətlərinin təşkilatçılığı, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin iştirakı ilə reallaşan “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” adlı layihənin başa çatması münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Azər Məmmədov cəmiyyətin Azərbaycan Respublikasının ilk regional bankı olaraq 2008-ci il 11 sentyabr tarixindən fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu müddət ərzində “Naxçıvanbank”ın əsas missiyası əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərməkdir.

Diqqətə çatdırılıb ki, gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə də bank və sığorta sistemində karyera qurmağı arzulayan tələbələrə dəstək olmaq məqsədilə cari il mart ayının 3-də “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-lərdə və Naxçıvan Dövlət Universitetində, aprel ayının 4-də isə “Naxçıvan” Universitetində “Bankçılıqda ilk addım və sıgortanın mahiyyəti” adlı müsabiqə xarakterli təlim olub. Təlimdə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-nin peşəkar heyəti müxtəlif mövzulara toxunaraq tələbələri bank və sığorta sektoru ilə tanış edib, onlara bir sıra praktik biliklər və tövsiyələr verib. Layihənin müzakirə xarakterli ikinci hissəsində isə əvvəlcə tələbələrin sualları cavablandırılıb. Təlimin sonunda 200 iştirakçı arasından fərqlənən 15 tələbə seçilərək “Bankçılıqda ilk addım və sığortanın mahiyyəti” adlı layihə çərçivəsində “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də 15 günlük praktik təcrübə keçmək imkanı əldə edib. Onların öz potensiallarını reallaşdırmaları və təcrübə toplamaları üçün hərtərəfli şərait yaradılıb.

“Təcrübə zamanı bankın müxtəlif şöbə və departamentlərində təcrübə keçən tələbələr əsl komanda işi ilə tanış olub və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla çalışaraq layihələrdə, əməliyyatlarda iştirak ediblər”, - deyən Azər Məmmədov qeyd edib ki, layihədə iştirakçı olmuş 15 tələbənin hər biri təcrübə müddətini uğurla başa vurmuş hesab edilir. Təcrübəçi tələbələrdən 4-ü isə xüsusi fəallıq göstərdiyinə görə təcrübələrini fərqlənmə sertifikatı ilə başa vurub.

Tədbirin növbəti hissəsində təcrübə proqramını və proqramın sonunda keçirilən imtahan mərhələsini uğurla başa vurmuş tələbələrə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də karyera imkanları barədə məlumat verilib. İmtahan mərhələsini müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatla, fərqlənmə ilə başa vuran tələbələrə isə sertifikat və dəyərli hədiyyələr təqdim olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.