İQTİSADİYYAT


Banklar Assosiasiyası ödəniş kartının təhlükəsizliyinin qorunmasına dair məlumat yayıb VİDEO

Bakı, 19 iyun, AZƏRTAC

Qabaqcıl rəqəmsal ödəniş ekosisteminə malik ölkələrdə olduğu kimi, Azərbaycanda da ödəniş kartları ilə elektron ticarət əməliyyatları inkişaf etməkdədir. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik məlumatlara nəzər salsaq, 2019-cu il üzrə ölkədə ödəniş kartları ilə elektron ticarət əməliyyatları üzrə ümumi dövriyyə 2 milyard 935 milyon manat təşkil edib. 2016-cı illə müqayisədə əməliyyat həcmində 9 dəfə artım müşahidə edilir.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, elektron ticarət əməliyyatlarında müşahidə olunan sıçrayışlı artım fırıldaqçıların bu sahəyə olan marağını artırmaqla, müxtəlif üsulların tətbiq edilməsinə səbəb olur. Son zamanlar bu hallar tez-tez müşahidə edilməkdədir. Banklar tərəfindən ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində bir sıra addımlar atılır. Nümunə olaraq elektron ticarət xidməti üzrə ekvayrinq xidməti təqdim edən ekvayer banklar tərəfindən “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın 3.11.8-ci yarımbəndinin tələbi gözlənilərək real vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə şifrə əsasında kart istifadəçisinin eyniləşdirilməsi həyata keçirilir.

Elektron ticarət əməliyyatlarında ənənəvi fırıldaqçılıq əməliyyatlarından biri fırıldaqçılar tərəfindən kart istifadəçisinə aid olan məlumatların müxtəlif üsullarla ələ keçirilməsi və nəticədə pul vəsaitlərinin səlahiyyətsiz formada istifadə edilməsidir. Fırıldaqçılar bu məlumatları kart istifadəçisinin internet şəbəkəsində yerləşdirdiyi müxtəlif elan səhifələri və ya elektron ticarət saytlarından, habelə birbaşa kart istifadəçisi ilə əlaqə saxlayaraq (mobil telefon, elektron poçt və digər üsullarla) əldə edirlər. Ənənəvi qaydada fırıldaqçılar müxtəlif bəhanələrlə bank adından və ya hansısa təşkilat adından kart istifadəçisi ilə əlaqə saxlayaraq bu məlumatlara sahib olurlar. Bu bəhanələrə ödəniş kartı rekvizitlərinin yoxlanılması, yeni bank xidmətinə qoşulma, kart istifadəçisinin hansısa kampaniyada qalib olması, ödəniş kartının işlək vəziyyətdə olmasına bir daha əmin olma və digərləri daxildir. Bu üsulla ödəniş kartının üzərində əks olunan 16 rəqəmli nömrəsi, qüvvədə olma tarixi və CVV kod ilkin mərhələdə əldə edilir. Əməliyyatın təsdiqi üçün sonradan birdəfəlik şifrənin (One Time Password) bildirilməsi tələb edilir. Bu əsasda fırıldaqçılar tərəfindən kart istifadəçisinin pul vəsaitləri səlahiyyətsiz formada müxtəlif məqsədlər üçün, o cümlədən internet üzərindən məhsul və xidmətlərin əldə edilməsi, pul vəsaitinin digər bank hesablarına köçürülməsi həyata keçirilir. Ödəniş kartı ilə əməliyyatın aparılması zamanı kart istifadəçisi tərəfindən qorunmalı olan bütün zəruri məlumatlar daxil edildiyi üçün sonradan pul vəsaitinin geri ödənilməsi mümkün olmur. Bank tərəfindən bu və ya digər formada yuxarıda açıqlanan məlumatların öyrənilməsi məqsədilə kart istifadəçisinə müraciətlər edilmir.

Kart istifadəçiləri əlavə maliyyə itkiləri ilə üzləşməmək üçün bu cür hallarla rastlaşdığı təqdirdə dərhal bankla əlaqə saxlamalı, heç bir halda fırıldaqçılara hansısa məlumat təqdim etməməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.