İQTİSADİYYAT
Banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılacaq
Bakı, 19 fevral, AZƏRTAC
Banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupu yaradılacaq.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun "Hüquqi məsələlər üzrə Ekspert Qrupu"nun iclasında 2018-ci il üzrə iş planı, Mərkəzi Bankın normativ sənədlərinin yenidən təşkili ilə bağlı təkliflərin hazırlanması, kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarına gözlənilən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması, kredit təşkilatlarının fəaliyyətləri prosesində üzləşdikləri qanunvericiliyin və onun tətbiqi təcrübəsi ilə bağlı məsələlər, banklarda hüquqi risklərin idarə edilməsinin effektivliyinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.
İclasda banklar üçün vahid standart müqavilələrin hazırlanması ilə bağlı İşçi Qrupunun yaradılması və fəaliyyət planı, Azərbaycan Kredit Bürosu ilə bağlı bu və ya digər hüquqi məsələlər, eləcə də kollektorluq fəaliyyəti ilə bağlı qanun layihəsinin hazırlanması haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.