İQTİSADİYYAT
Bankların informasiya təhlükəsizliyinə dair təlim keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə fəaliyyət göstərən bankların informasiya təhlükəsizliyi, həmçinin internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemlərindən çıxış yollarına həsr olunmuş "Bankların sosial mühitə mümkün təsiri problemləri və banklarda informasiya texnologiyaları təhlükəsizliyinin gücləndirilməsi tədbirləri" mövzusunda təlim keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 31 bankın təhlükəsizlik departamentinin rəhbərlərinin iştirak etdiyi təlimdə bank tranzaksiyalarının təhlükəsizliyi, xaker hücumlarından qorunması, eləcə də informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə barədə və problemlərin aradan qaldırılmasına dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə banklar və digər nəzarət subyektləri arasında çevik məlumat mübadiləsinin qurulmasının müxtəlif üsulları təlim iştirakçıları ilə müzakirə edilib.