DÜNYA
Banqladeş 100 min rohinca müsəlmanını kimsəsiz adaya köçürməyi planlaşdırır
Bakı, 6 dekabr, AZƏRTAC
Banqladeş hökuməti Myanmadan gələn 100 min rohinca müsəlmanını Benqal körfəzində yerləşən kimsəsiz və daşqınlara məruz qalan Tenqar Çar adasına köçürmək planını qəbul edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2019-cu ilin noyabr ayına qədər həyata keçirilməsi nəzərdə tutulan bu plan ölkəyə 278 milyon dollara başa gələcək. Adada qaçqınlar üçün 1,5 min ev və 120 mərkəz tikiləcək.
Beynəlxalq hüquq müdafiəsi təşkilatları öz növbəsində qaçqınların köçürülməsi üzrə planları kəskin tənqid edərək bunun rohincalıların təhlükəsizliyinə təhdid törətdiyini qeyd ediblər.
Xatırladaq ki, bu il Myanmadan Banqladeşə 620 mindən çox rohincalı qaçqın gəlib. Kütləvi immiqrasiyaya Rakhayn ştatında müsəlmanlarla buddistlər arasında uzun illərdir davam edən münaqişənin gərginləşməsi səbəb olub.