DÜNYA
Banqladeşdə COVID-19 pasiyentlərinin 75 faizi yaşadığı yerdə müalicə alıb
Pekin, 20 iyun, AZƏRTAC
Banqladeşdə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 105 min 535 nəfərə, ölənlərin sayı isə 1388-ə çatıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsi ötən sutka ərzində 3243 yeni yoluxma və 45 ölüm faktı qeydə alındığını açıqlayıb. İndiyədək 43 minə yaxın pasiyent sağalıb. Sağalma göstəricisi 40,68 faiz, ölüm göstəricisi isə 1,32 faiz təşkil edir.
Bildirilir ki, ölkədəki COVID-19 pasiyentlərinin 75 faizi yaşadığı yerdə müalicə olunub. Pasiyentlərin çoxu tibbi heyətlə xüsusi telefon xətti ilə əlaqə saxlayaraq, onların təlimatına uyğun müalicəni davam etdirirlər.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 582 min test aparılıb. İndiyədək 335 min nəfər xüsusi yerlərdə və evlərdə karantinə cəlb olunub ki, onların da 272 mini karantin dövrünü başa vurub.
Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin direktoru Nəsimə Sultana əhaliyə bir daha müraciət edərək, ölümcül virusdan qorunmaq üçün sanitar-gigiyena qaydalarına riayət etməyin, maska taxmağın və sosial məsafə saxlamağın vacibliyini vurğulayıb. “Sağlamlığın qorunması tədbirləri pandemiyanın qarşısını almaq üçün ən yaxşı vasitədir”, - deyə Nəsimə Sultana bildirib.
Xatırladaq ki, 164 milyon əhalisi olan Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, virus səbəbindən ilk ölüm isə martın 18-də qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin