DÜNYA
Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 400 mini ötüb
Pekin, 26 oktyabr, AZƏRTAC
Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1436 yoluxma və bu virus səbəbindən 15 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 400 mini ötüb, ölənlərin sayı isə 5818-ə çatıb.
İdarənin açıqlamasında deyilir ki, indiyədək virusa yoluxanların 316 min nəfəri (79 faiz) sağalıb, 1,45 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar. Tibbi personal onların vəziyyətini telefon və ya internet portalı vasitəsilə nəzarətdə saxlayır.
Hökumət yoluxma sayını nəzarətdə saxlamaq üçün oktyabrın 26-dan başlayaraq, dövlət və özəl qurumların binalarında, iş yerlərində, marketlərdə, dini ibadət yerlərində qoruyucu maska taxılması məcburi elan edilib. Həmin yerlərdə "Maska yoxdursa, xidmət yoxdur" siyasətinə başlanılıb.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin