DÜNYA
Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı milyonu ötüb
Pekin, 9 iyul, AZƏRTAC
Banqladeşdə ötən sutka COVID-19 virusuna 11 min 324 yoluxma, bu infeksiya səbəbindən 212 ölüm qeydə alınıb. Bununla da Banqladeşdə yeni növ koronavirusa yoluxanların sayı milyonu ötüb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin məlumatına istinadla xəbər verir ki, ötəngünkü ölüm sayı pandemiya dövründə sutkalıq antirekord olub. Son 4 gündə isə sutkada 10 mindən çox yoluxma halı qeydə alınıb. İndiyədək ölkədə COVID-19 səbəbindən 16 min nəfər həyatını itirib.
Banqladeşdə mayın ortalarından etibarən gündəlik yoluxma və ölüm sayında artım müşahidə olunur. Hökumət yoluxma sayını nəzarət altına almaq üçün bir neçə dəfə karantin rejimini uzadıb. Hərbçilər karantin rejiminin icrasını təmin etmək üçün patrul xidmətinə başlayıb, yaşayış məntəqələrində postlar quraşdırılıb. Yalnız dövlət qurumlarının, təcili yardım və fövqəladə hallar xidmətinin avtomobillərinin hərəkətinə icazə verilir.
Qeyd edək ki, mütəxəssislər Banqladeşdə yoluxma hallarının çoxalmasının əsas səbəbini qonşu Hindistandan virus axını ilə əlaqələndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin