DÜNYA
Banqladeşdə musson yağışlar nəticəsində 4 milyon insan fəlakət zonasında qalıb
Bakı, 18 iyun, AZƏRTAC
Banqladeşin şimal-şərqində şiddətli musson yağışları ciddi daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü Channel NewsAsia telekanalı məlumat yayıb.
Daşqınlar nəticəsində 4 milyondan çox insan fəlakət zonasında qalıb, azı 24 nəfər həyatını itirib. Yağışlar bu gün də davam etməkdədir. Meteoroloqlar bildirirlər ki, yağıntılar növbəti iki gün də kəsməyəcək.
“Ölkənin şimal-şərq ərazisinin əksəriyyəti su altında qalıb, leysan yağışlar davam etdiyindən vəziyyət daha da pisləşəcək”, - deyə Silxet vilayət administrasiyasının rəhbəri Məhəmməd Müşərrəf Hüseyn bildirib. O qeyd edib ki, ən çox zərər çəkən Sunamqanc dairəsi ətraf aləmdən tam təcrid olunub. Hakimiyyət orqanları ordunun dəstəyi ilə sakinləri xilas edir, onlara yardım çatdırir.
Administrasiya rəhbərinin sözlərinə görə, insanları xilas etmək üçün qayıqlar çatışmır və bu səbəbdən xilasetmə əməliyyatlarına hərbi-dəniz qüvvələri də cəlb olunub.
Banqladeşin bir çox çaylarında su səviyyəsi təhlükəli həddə çatıb. Ekspertlər qeyd edirlər ki, ölkə son 18 ilin ən güclü daşqınları ilə üzləşə bilər.