DÜNYA


Banqladeşdə son 122 ilin ən şiddətli yağışları 19 nəfərin həyatına son qoyub

Pekin, 19 iyun, AZƏRTAC

Banqladeşdə son 122 ilin ən şiddətli musson yağışları 19 nəfərin həyatına son qoyub.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, dağıdıcı sel və daşqın ölkənin təxminən yarısını əhatə edib. Musson yağışlarının əmələ gətirdiyi sel, daşqın, torpaq sürüşmələri minlərlə evə, inzibati binaya, infrastruktura, kommunikasiya və nəqliyyat xətlərinə, əkin sahələrinə ciddi ziyan vurub. Ölkənin şimal-şərq bölgələrində 4 milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 300 mindən çox insanın məskunlaşdığı ərazilərdə elektrik enerjisinin təchizatında fasilələr yaranıb. Təhlükəli həddi bəzi yerlərdə 1,2 metrdən çox keçən Surma çayının suyu daşaraq Silhet və Sunamqanc rayonlarını basıb. Sunamqanc rayonunda birmərtəbəli evlərin demək olar ki, hamısı su altında qalıb. Ölkə ərazisində əsas çayların çoxunda suyun səviyyəsi təhlükəli həddə çatıb. Ümumiyyətlə, musson yağışları ölkənin 64 rayonundan 28-də fəsadlar törədib.

Paytaxt Dəkkəyə yaxınlaşan güclü yağışlar səbəbindən sakinlər evlərini tərk edə bilməyiblər. Epidemik vəziyyətlə əlaqədar 4 ay gecikən və iyunun 19-na planlaşdırılan orta məktəblərdə buraxılış imtahanı yenidən təxirə salınıb. Avtobus və dəmir yolu vağzalları, hava limanları fəaliyyətini dayandırıb.

Fövqəladə Hallar Nazirliyinin katibi Kamrul Hasan bildirib ki, təbii fəlakətlə mübarizəyə və axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, on minlərlə polis, hərbçi, könüllü cəlb olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.