DÜNYA
Barak Obama ilk dəfə Hillari Klintona dəstək mitinqində iştirak edib
Bakı, 6 iyul, AZƏRTAC
Barak Obama ilk dəfə çərşənbə axşamı keçirilən seçkiqabağı mitinqə qatılıb və Demokrat Partiyasından prezident postuna rəsmi namizədliyinin irəli sürülməsini artıq təmin etmiş Hillari Klintona dəstəyini ifadə edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən mitinqdə sabiq dövlət katibinin tərəfdarları qarşısında çıxış edən Barak Obama deyib: “Mən bu gün ona görə buradayam ki, Hillari Klintona inanıram. Mən istəyirəm ki, siz onu Birləşmiş Ştatların növbəti prezidenti seçəsiniz”.
Şimali Karolina ABŞ-in tərəddüd edən ştatları sırasına daxildir. Burada demokratların və respublikaçıların mövqeləri təxminən bərabərdir və mövqeyini hələ müəyyənləşdirməyən seçicilərin səsi uğrunda gərgin mübarizə gedir. Sorğular göstərir ki, bu cür 11 regionun 8-də seçicilər arasında populyarlığa görə Klinton rəqibi Trampı qabaqlayır.
Sabiq dövlət katibi ümummilli miqyasda da liderlik edir. Son sosioloji tədqiqatlara görə, hazırda demokratların namizədini dəstəkləməyə hazır olan seçicilərin sayı onun respublikaçı rəqibini dəstəkləyənlərə nisbətən 10 faiz çoxdur.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.