DÜNYA
Barak Obamanın keçmiş müşaviri yalan ifadə verməkdə ittiham edilib
Vaşinqton, 12 aprel, AZƏRTAC
ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşaviri olmuş Qreqori Kreyq Ədliyyə Nazirliyinə yalan ifadə verməkdə və 2012-ci ildə Ukrayna rəhbərliyi üçün gördüyü iş barədə informasiyanı gizlətməkdə ittiham edilir.
AZƏRTAC xəbər verir ki, Kreyq haqqında informasiya 2016-cı ildə ABŞ-da prezident seçkiləri kampaniyasına Rusiyanın müdaxilə etməsi ehtimalı barədə xüsusi prokuror Robert Müller tərəfindən aparılan geniş təhqiqat nəticəsində üzə çıxıb.
Hazırda 74 yaşı olan Qreqori Kreyq Bill Klinton və Barak Obama administrasiyalarında müxtəlif yüksək vəzifələr tutub.
Müstəntiqlər güman edirlər ki, Qreqori Kreyq Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin administrasiyasına hüquqi məsləhətlər verərkən Xarici Agentlərin Qeydiyyatı haqqında Qanunu (FARA) pozub. Həmin qanuna müvafiq olaraq, xarici hökumətlər və siyasətçilər üçün iş görən hər bir ABŞ vətəndaşı özünün bu fəaliyyəti haqqında informasiyanı ABŞ Ədliyyə Nazirliyində qeydiyyata alınmaq yolu ilə açıqlamağa borcludur. 2012-ci ildə Kreyq həmin dövrdə Ukraynanın prezidenti olmuş Viktor Yanukoviçin administrasiyasının sifarişlərini yerinə yetirən “Skadden”, “Arps”, “Slate” və “Meagher & Flom” hüquq firmalarının tərəfdaşı olub. Yanukoviçin siyasi məsləhətçisi Pol Manafort da bu sifarişləri yerinə yetirib. Sonradan Donald Trampın seçkiqabağı kampaniya qərargahının rəhbəri olmuş Manafort, o cümlədən Xarici Agentlərin Qeydiyyatı haqqında Qanunu pozmasına görə təqsirkar hesab edilib və artıq mühakimə olunub.
Müstəntiqlər bildirirlər ki, Kreyq Yanukoviçin Yuliya Timoşenkonu təqib etməsi üçün ona məsləhət köməyi göstərib. Həmin dövrdə “Skadden” firması Timoşenkonu pisləyən 187 səhifəlik hesabat dərc edib. Manafort Müllerin araşdırması çərçivəsində etiraf edib ki, bu məlumatlar Qərbdə Yanukoviçin imicini yaxşılaşdırmaq üçün istifadə edilib.
Kreyqin vəkilləri bildiriblər ki, Kreyq Xarici Agentlərin Qeydiyyatı haqqında Qanuna müvafiq olaraq öz işini qeydiyyata aldırmağa borclu deyildi, çünki o, Ukrayna hökuməti üçün ictimaiyyətlə əlaqə saxlamaqla məşğul olmayıb və Ukrayna KİV-lərinin verilişlərində, habelə Timoşenko haqqında hesabatın təbliğ edilməsi üzrə lobbiçilik kampaniyasında iştirak etmək barədə xahişləri dəfələrlə rədd edib.
Qeyd edək ki, Kreyq Robert Müllerin təhqiqatı çərçivəsində məsuliyyətə cəlb edilmiş ilk demokratdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton