İQTİSADİYYAT
“Barama İnkubasiya Proqramı 2021” uğurla başa çatıb
Bakı, 1 iyun, AZƏRTAC
İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin İnkubasiya proqramı çərçivəsində uğurlu nəticə göstərmiş 4 startapla “Demo Day” təşkil edilib.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, virtual formatda keçirilmiş görüşdə 4 komanda inkişaf etdirdikləri innovasiya əsaslı biznes təkliflərinin və minimum məhsullarının təqdimatını həyata keçiriblər.
“Barama İnkubasiya Proqramı 2021”i uğurla tamamlayan 4 startap “Demo Day” təqdimatına vəsiqə alıb.
“Ziyas” startapı - hava və dəniz limanlarından şəhərlər və ölkələrarası nəqliyyat transferini sifariş edən onlayn platforma, “Spendonate” startapı - istifadəçilərə qazandıqları “cashback”ləri xeyriyyə məqsədləri üçün ianə etmələrinə dəstək verən mobil tətbiq, “Stubie” - xarici universitetlərə qəbul prosedurları haqqında onlayn maarifləndirmə platformasi və “Bardachok.io” isə avtomobil sahibləri üçün texniki xidmət haqqında vaxtaşırı xəbərdarlıqların alınması üçün düşünülmüş mobil tətbiqdir.
Qeyd edək ki, “Demo Day” tədbirində bir sıra potensial yerli investorların iştirakı təmin olunub.
“Demo Day” əsasən startapların öz məhsullarını gələcəkdə daha da inkişaf etdirmək baxımından mövcud maliyyə imkanlarına çıxışlar əldə etmək, müvafiq sahə üzrə investorlar şəbəkəsi ilə tanış olmaq və birbaşa əlaqələrin qurulması zəminində təşkil olunur.
Qeyd edək ki, cari İnkubasiya Proqramı bu ilin yanvar ayında start götürüb. “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nə daxil olmuş 70-ə yaxın müraciətlərdən 6 startap qənaətbəxş hesab olunaraq proqramda iştirak hüququ qazanıb. Startaplar əsasən minimum məhsul protipi və formalaşmış komanda heyəti meyarlarına əsasən dəyərləndirilib.
İnkubasiya Proqramı çərçivəsində startap təsisçiləri üçün müvafiq konsultasiyalar, mentorluq xidməti həyata keçirilib, daha sonra komandalar ideyalarını inkişaf etdirmək baxımından ofis şəraiti ilə təmin olunub və yerli investorlarla əlaqələr qurulub.
Altı ay ərzində davam edən proqram çərçivəsində bütün müvafiq mərhələləri uğurla keçmiş 4 startap isə “Demo Day” mərhələsinə vəsiqə qazanıb.
Bildirilib ki, “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi” bundan sonra da yerli və xarici investorlarla əlaqələrinin qurulmasına, onların uğur tarixçələrinin təşviq edilməsinə və vaxtaşırı konsultasiya xidmətlərinin göstərilməsinə dəstək olacaq.