İQTİSADİYYAT
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının qalibləri müəyyənləşib
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının sonuncu seçim mərhələsi baş tutub.
AZƏRTAC xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub. Müraciət etmiş 45 komandadan 10-u finala vəsiqə qazanıb. Bu gün keçirilən son seçim mərhələsində startaplar münsiflər heyəti və investorlar qarşısında öz təqdimatları ilə çıxış ediblər.
Müstəqil ekspertlərdən ibarət olan münsiflər heyəti və investorların dəyərləndirməsindən keçən 5 top layihə Pre-akselerasiya proqramında iştirak etmək şansı qazanıb. Belə ki, “İŞIQ” - karyera seçimi üçün interaktiv platforma, “ABC Planet” - dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədər təhsil startapı, “AIDAtoolkit” – multimedia kontentinin yaradılması üçün kross-platformalı alət, “WinFi” - səyahətçilər üçün qlobal WiFi paylaşma platforması, “Pesekar.az” - peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma qalib komandalar olub. Qalib komandalar bu gündən etibarən Barama Pre-akselerasiya proqramının təqdim etdiyi böyük imkanlardan yararlana biləcək.
Pre-akselerasiya proqramına seçilən komandalara 25 min manatadək dəstək göstəriləcək, onlar xarici mentorların üstünlük təşkil etdiyi 30-dan çox mentordan dəstək alacaq, İnnovasiyalar Agentliyində ofislə təmin olunacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər.
Qeyd edək ki, bu, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti dövründə baş tutan ilk Pre-akselerasiya proqramıdır. Üç ay davam edəcək proqram ərzində startaplar daha çox xarici mentorların dəstəyi ilə öz layihələrini biznes və məhsulun inkişaf etdirilməsi mərhələlərindən keçirəcəklər.