REGİONLAR


Baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir

Bu il Tərtərdə 20 tondan çox barama tədarükü gözlənilir

Tərtər, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, baramaçılıq 1970-1980-ci illərdə Tərtər rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində rayonda zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 228 min ədəd tut tingi əkilib ki, onun da 100 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram barama istehsal edilib. Bu il isə kümçülərə 500 qutu ipəkqurdu verilib, 20 tondan çox barama istehsalı nəzərdə tutulub.

Baramaçılığın bərpası regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi, ipəkqurdu bəsləməklə qısa vaxt ərzində gəlir götürmək imkanı tərtərli fermerlərin də bu sahəyə marağını artırıb. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Belə sakinlərdən biri də rayonun İsmayılbəyli kəndində fəaliyyət göstərən fermer Mirzə Cümşüdovdur. Fermer növbəli əkin sistemi tətbiq etməklə taxıl, pambıq, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, soya, sarımsaq və digər bitliklər becərir, ətlik istiqamətli heyvandarlıq və quşçuluqla məşğul olur. Ölkəmizdə baramaçılığa göstərilən dövlət qayğısından bəhrələnən fermer bir neçə ildir ki, bu sahəni də inkişaf etdirir.

Mirzə Cümşüdov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində baramaçılığın kənd sakinləri üçün ən gəlirli və əlverişli təsərrüfat sahəsi olduğunu bildirib: “Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Qısa müddətdə yaxşı gəlir əldə etmək mümkündür. Lakin ipəkqurdu bəsləmək üçün ilk növbədə saxlama şəraiti və yem təminatı olmalıdır. Odur ki, 2016-cı ildə təsərrüfatımda Çin Xalq Respublikasından gətirilmiş 16 min 500 ədəd tut tingi əkdim. 2017-ci ildə iki qutu ipəkqurdu toxumu bəsləyərək, 126 kiloqram barama təhvil verdim. 2018-ci ildə 8 qutu ipəkqurdu toxumu bəsləyib 400 kiloqram barama istehsal etdik. Hazırda 20 qutu ipəkqurdu bəsləyirik. Yem ehtiyatımız boldur, qurdların vəziyyəti yaxşıdır. Bir ton barama istehsal etməyi nəzərdə tutmuşuq”.

Gələcəkdə daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyan fermer ipəkqurdunun yem bazasının yaxşılaşdırılması üçün 2018-ci ildə 22 min ədəd Çindən gətirilmiş, beş min yerli tut tingi əkib. Bundan başqa, 2017-ci ildə əkilən tut tinglərindən 12 min ədəd qələm basdırıb.

“Hazırda təsərrüfatımızda 50 min ədəddən artıq tut ağacının olması 40 qutu ipəkqurdu toxumu bəsləməyə imkan verir ki, bu da iki ton barama istehsalı deməkdir. Daha çox barama istehsal etmək üçün əlavə saxlama yerləri inşa etməyi planlaşdırıram”, - deyə təsərrüfat sahibi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.