REGİONLAR
Baramaçılığın inkişafı məqsədilə Bərdədə 180 min tut tinginin əkilməsi nəzərdə tutulur
Bərdə, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Bərdə rayonunda əkilməsi nəzərdə tutulur. Bir neçə gündür tinglərin əkilməsinə başlanılıb.
Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin 49 min 650 ədədi artıq Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 110 min tingin əkilməsi də nəzərdə tutulur. Bu günədək yerli tut tinglərindən 57 min 500 ədədinin əkini həyata keçirilib.
Qeyd edək ki, baramaçılığın inkişafı, ipəkqurdunun yem təminatının möhkəmləndirilməsi məqsədilə 2016-cı ildə 60 min 700 ədəd, 2017-ci ildə isə 168 min tut tingi əkilib. Rayon kümçüləri 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə isə 24,5 ton barama istehsal ediblər. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.