REGİONLAR
Baramaçılığın inkişafı məqsədilə son üç ildə Yevlaxda 180 mindən çox tut tingi əkilib
Yevlax, 6 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə artır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev son illərdə baramaçılığın inkişafından bəhs edərək deyib: "Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır".
Respublikamızın digər bölgələrində olduğu kimi, Yevlax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə həmin il rayon ərazisində 95 min, 2017-ci ildə 53 min, 2018-ci ildə isə 35 min tut tingi əkilib. Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 11 tona yaxın barama istehsal olunub. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağını nəzərə alsaq, barama istehsalının da xeyli artacağını proqnozlaşdırmaq olar.