REGİONLAR
Baramaçılıqda yem bazasının gücləndirilməsi üçün Bakı-Qazax yolunun kənarlarına 20 min tut tingi əkilib
Bakı, 29 mart, AZƏRTAC
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində rayonlarda ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı üzrə Tədbirlər Planı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfatlarında yetişdirilən tut tinglərinin yol kənarında əkilməsi həm ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xidmət edəcək, həm də torpaq resurslarından səmərəli istifadəni təmin edərək kümçülərin yemə olan ehtiyaclarının ödənilməsinə töhfə verəcək.
Magistral və kəndarası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər ekosistemin yaxşılaşdırılmasına da xidmət göstərir.