DÜNYA
Barmaq izləri ekranında olan ilk smartfon
Bakı, 7 avqust, AZƏRTAC
Çinin “Vivo” şirkətinin yeni smartfonu haqqında mətbuata məlumat sızıb. Bildirilir ki, qadcetin ilkin nümayişi zamanı çəkilmiş foto təsadüfən “Twitter”in Çin analoqu olan “Weibo” sosial şəbəkəsinə düşüb.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, qadcet alıcılara fotoda olduğu kimi təqdim edilərsə, qurğu barmaq izləri skaneri korpusun panelində deyil, şüşənin altında olan ilk smartfon olacaq.
“Vivo XPlay 7” adlı qurğunun hazırlanmasında “Qualcomm” şirkətinin məhsullarından istifadə ediləcək. Belə ki, bu şirkətlə Çin istehsalçısının əməkdaşlığı haqqında daha əvvəl məlumat verilib. “Mobile World Congress Shanghai 2017” konfransında şirkətlər barmaq izlərinin skan edilməsi üzrə “Qualcomm Snapdragon Sense ID” innovativ qurğusunu təqdim ediblər. Bu qurğuda istifadə olunmuş sensorlar barmaq izlərini şüşə və metaldan tanımağa, həmçinin hərəkətdə olan barmaqların yastıqlarının naxışlarını müəyyən etməyə imkan verir.
Nümayiş zamanı çəkilmiş fotolardan görünür ki, “Vivo XPlay 7” minimal çərçivələrə malik tam ekranla təchiz edilib, qurğunun kənarları isə bükülüb. Daha əvvəl yeni smartfonun 2017-ci ilin dördüncü rübündə satışa çıxarılacağı barədə məlumat verilib.